Diaspor
Berlində Avropa Azərbaycanlıları Konqresinin IV qurultayı keçirilmişdir -A +A
2012-04-29 17:46:00
29.04.2012 [17:46]

Berlində Avropa Azərbaycanlıları Konqresinin IV qurultayı keçirilmişdir

Xəbər verdiyimiz kimi, aprelin 29-da Berlində Avropa Azərbaycanlıları Konqresinin (AKK) IV qurultayı keçirilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, qurultayda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış etmişdir. Ə. Həsənov Azərbaycan dövlətinin AAK-ın fəaliyyətini yaxından izlədiyini, təşkilatın

Bakı, 29 aprel (AzərTAc). Xəbər verdiyimiz kimi, aprelin 29-da Berlində Avropa Azərbaycanlıları Konqresinin (AKK) IV qurultayı keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, qurultayda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış etmişdir.
Ə. Həsənov Azərbaycan dövlətinin AAK-ın fəaliyyətini yaxından izlədiyini, təşkilatın yarandığı 2004-cü ildən bəri onun 4 dəfə qurultayının keçirildiyini, bu illər ərzində təşkilatın 3 prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini vurğulamışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildən başlayaraq diaspor quruculuğu işinə azərbaycançılıq ideologiyasını əsas amal elan edərək başladığına diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri hazırda o illərlə müqayisədə hədəflərimizin daha da böyüdüyünü bildirmişdir.
Bu mühüm işdə diaspor təşkilatlarımıza, o cümlədən AAK-a nailiyyətlər arzulayan Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyada yaşayan azərbaycanlılara həm güvəndiyini, həm də onların dayağı olduğunu vurğulamışdır. O, son illərdə ölkəmizin artan qüdrətinin, qazandığı beynəlxalq əhəmiyyətli nailiyyətlərin Azərbaycan dövlətinin düşmənlərini qıcıqlandırdığını, həmin qüvvələri antiazərbaycan fəaliyyətinə sövq etdiyini demişdir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini və bu quruma sədrlik etdiyini xatırladan Əli Həsənov həmin qüvvələrin, o cümlədən bəzi mətbu orqanların antiazərbaycan fəaliyyətini neytrallaşdırmaqda, ölkəmiz barədə həqiqətlərin dünya, o cümlədən Avropa ictimaiyyətinə olduğu kimi çatdırılmasında diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü söyləmişdir.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında AAK-ın 8 illik mövcudluğu dövründə çox mühüm işlər gördüyünü bildirmişdir. Komitə sədri bu illərdə AAK-ın tam mənası ilə diaspor təşkilatı kimi formalaşdığını demişdir.
Nazim İbrahimov Dövlət Komitəsinin seçiləcək yeni rəhbər heyətə dəstəyini davam etdirəcəyini bildirmişdir.
Qurultayda ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Belarus Azərbaycanlıları Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, TADEF-in sədri Bilal Dündar çıxış edərək AAK-ın bundan sonrakı hədəflərindən danışmış, bu qurumun Azərbaycan naminə fəaliyyət istiqamətində daha peşəkar və mütəşəkkil iş aparmasının vacibliyini vurğulamışlar.
Çıxışlarda Azərbaycanın diaspor təşkilatlarının Avropa ölkələrində siyasi çəkisinin artmasının sevindirici fakt olduğu da xüsusi vurğulanmışdır.
 

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır
Dostuna göndər
© Copyright AzerTAc© All Rights Reserved.