DÜNYA


Floridadakı Marcori Stounman Duqlas məktəbində atəş açan cani 19 yaşlı Nikolas Kruz olub

Vaşinqton, 15 fevral, AZƏRTAC

Xəbər verildiyi kimi, fevralın 14-də Florida ştatındakı Marcori Stounman Duqlas məktəbində atışma baş verib. Hakimiyyət nümayəndələri bildiriblər ki, atışma nəticəsində azı 17 nəfər həlak olub. Onlardan ikisi xəstəxanada vəfat edib. Xəstəxanaya çatdırılmış 14 nəfər yaralıdan beşinin vəziyyəti ağırdır.

Hüquq mühafizə orqanları caninin şəxsiyyətini təsdiq ediblər. Bu, əvvəllər həmin məktəbdə oxumuş 19 yaşlı Nikolas Kruzdur. Brouard dairəsinin şerifi Skott İsrailin sözlərinə görə, Kruz intizamsız şagird kimi məktəbdən xaric edilib. S.İsrail daha sonra bildirib ki, Kruz sosial şəbəkələrdə əlində bıçaq və odlu silah olduğu vəziyyətdə çəkilmiş fotoşəkillərini paylaşırmış. Şahidlərin çoxunun dediyinə görə, Kruzun məktəbdən xaric edilməsinə səbəb tez-tez silah gəzdirməsi olub. Kruzun keçmiş riyaziyyat müəlliminin sözlərinin görə, keçən il məktəb müdiriyyəti “təhlükəsizliyə təhlükə” olan bu şagirdin arxa çantası ilə məktəbə gəlməsini qadağan edib.

Yayılan məlumatlara görə, atışma dərslərin başa çatmasına az qalmış başlanıb. Yerli qəzetlər yazırlar ki, Marcori Stounman Duqlas məktəbində 3208 şagird təhsil alır. Hüquq mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, Kruzun üstündə əl qumbaraları və AR-15 markalı avtomatik tüfəng olub. Bildirilir ki, Kruz maksimum sayda insanı qətlə yetirmək üçün dərs məşğələlərinin başa çatmasına az qalmış yanğın siqnalizasiyası düyməsini basıb ki, şagirdlərin çoxu dəhlizlərə çıxsın. Hakimiyyət orqanlarının nümayəndələri bildirirlər ki, Kruz küçəyə qaçan şagirdlərə qoşularaq polisdən gizlənməyə cəhd göstərib, lakin onu dərhal yaxalayıblar. Axşam saat 11-ə qədər öldürülmüş məktəblilərdən yalnız 12-nin şəxsiyyəti müəyyən edilib. Daha 5 nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib və bu uşaqların vəziyyəti barədə onların ailələrinə hələlik məlumat verilməyib.

Prezident Tramp və Florida ştatının qubernatoru Rik Skot həlak olanların ailələrinə başsağlığı veriblər. Qubernator Skott hadisə yerindədir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.